This is an image Mən, Əhmədov Ramil Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikanın Şərur şəhərində anadan olmuşam. Orta təhsilliyəm. Uşaqlığından ən böyük marağım rəsm çəkmək olub, sonralar bu maraq əyləncəyə çevrilib. Əvvəllər kağız üzərində şəkillər çəkirdim, sonralar yağlı boya ilə çəkməyə başladım. Rəssamlıq yolunda addımlarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanırdım. Mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə meylim var. Hal-hazırda 300-dən çox əsər yaratmışam. Mənim əsərlərim 6 fərdi 21 ümumi olmaqla 27 sərgidə nümayiş etdirilib. Əsərlərim ilk dəfə olaraq “Əcəmi Seyrangahında” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Novruz Bayramına həsr olunmuş "Yurdumuza novruz gəlir" devizi altında keçirilən rəsm müsabiqəsində digər rəssamların əsərləri ilə sərgilənib və birinci yer tutub. Həmin müsabiqədə mən 9 əsərimlə iştirak etdim. Həmin ildə Naxçıvan şəhərində yerləşən Ticarət Mərkəzində ilk fərdi sərgim keçirilib. Bu sərgidə mənim 60 əsərim sərgilənib və ictimaiyyətin müzakirəsinə səbəb olub. İkinci fərdi sərgi 2001-ci ildə Aprel ayında Şərur şəhərində yerləşən Şərur Türk Litseyində Elm Sərgisi münasibətilə keçirilib. Elm Sərgisində 50-yə yaxın əsərim nümayiş etdirilib. Çəkdiyim "Atatürk" portretini bu sərgini təşkil etdiklərinə görə məktəb müdiriyyətinə hədiyyə etdim. Eyni ildə Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin Naxçıvan Muxtar Respublikası təşkilatının təşkil etdiyi sərgidə 12 əsərim sərgiləndi və Təsviri İncəsənət sahəsində uğurlarıma görə 2001-ci ilin "Ən yaxşı gənc rəssamı" adına layiq görüldüm. 2002-ci ildə Azərbaycan Gənclərinin III forumu ilə əlaqədar uşaq, yeniyetmə və gənc rəssamların rəsm müsabiqəsində Gənclər üzrə I yeri tutduğuma görə Diplomla təltif edilmişəm. Əsərlərim dəfələrlə Azərbaycan televiziya kanallarında nümayiş etdirilib, mənimlə əlaqədar televiziya proqramları hazırlanıb və mətbuatda haqqımda müxtəlif yazılar dərc edilib.